Ana Səhifə / Federasiya / Tarixi

Federasiya Tarixi

Azərbaycanda voleybol‎

Azərbaycanda voleybol hələ XX əsrin ortalarından məşhurlaşmağa başlamışdı. Xüsusilə qadın voleybolu ölkədə inkişaf edirdi. Dünyada ilk və hələki yeganə 4 dəfə Olimpiya mükafatçısı olan voleybolçu məhz Azərbaycan voleybol məktəbinin yetirməsi olan İnna Rıskaldır. 18 yaşlı azərbaycanlı voleybolçu İnna Rıskal SSRİ milli komandasıyla 1962-ci ilin dünya çempionatında iştirak etdi. Yalnız finalda məğlub olan SSRİ yığması gümüş medallara sahib çıxır. Bu gənc azərbaycanlı voleybolçunun beynəlxalq arenada ilk uğuru olur. İlk altılığın əsas oyunçusuna çevrilən İnna Riskal ardıcıl olaraq 4 Olimpiya Oyunlarında iştirak edir və komandanın liderlərindən birinə çevrilir. Yay Olimpiya Oyunlarında qazandığı 4 medalla tarixi rekorda imza atmış olur. Qürurvericidir ki bu rekord hələ də yenilənməyib və bir Azərbaycan voleybolunun yetirməsi bu ünvanı daşıyır. Belə ki, İnna Rıskalla bərabər daha bir Azərbaycanlı voleybolçu, Bakı voleybolunun yetirməsi Vera Lantratova da iki dəfə SSRİ yığmasının tərkibində Olimpiya oyunlarının mükafatlarını qazanmışdır. Və daha bir qürurverici fakt ondan ibarətdir ki SSRİ yığması kimi böyük voleybolçu seçiminə malik olan voleybol komandasının heyətində iki azərbaycanlı voleybolçu çıxış etmişdir və onun ən böyük uğurlarında pay sahibi olmuşdur.


1966 və 1972-ci illərdə Azərbaycanın qadınlardan ibarət Neftçi voleybol klubu SSRİ çempionatının bürünc mükafatlarını qazanmışdır. Neftçi voleybol klubunun oyunçuları həmçinin 1967-ci ildə Azərbaycan milli komandası adı altında SSRİ ölkələri çempionatlarının bürünc mükafatlarını qazanmışlar. Bakının BMKZ komandası 1990-cı ildə SSRİ çempionatının bürünc mükafatına yiyələnir və ardından 1991-ci ildə SSRİ Kubokunun qalibi olur. Bu Kubok SSRİ-nin dağılması səbəbiylə son kubok olur. 1993-cü ildə BMKZ komandası ilk müstəqil Azərbaycan voleybol klubu adı altında Avropa Kuboklar Kuboku turnirində iştirak edir və yalniz finalda məğlub olaraq Avropa Kubokunun gümüş medalını qazanır.[29] Müstəqillik qazandıqdan sonra Azərbaycan qadın milli voleybol komandası 1994-cü ildə Braziliyada keçirilən dünya çempionatında iştirak edir və 9-cu yeri tutur. Sənədlərin doldurulması zamanı edilən səhvlərin ucbatından yüksəlişdə olan Azərbaycan milli komandası Beynəlxalq Voleybol Federasiyası tərəfindən 3 il müddətinə diskvalifikasiya olunur. Olduqca qüvvətli və perspektivli voleybolçulara malik olan Azərbaycan voleybolu bu üç il ərzində inanılmaz itkilərə məruz qalır. Və beləliklə Yelena Şabovta, Alla Həsənova, Alla Teterina, Viktoriya Ravva, Oksana Məmmədyarova kimi oyunçular Türkiyə, Rusiya və başqa ölkələrə üz tutmalı olurlar. Bu oyunçularla yanaşı Feliks Məmmədov, Faiq Qarayev kimi tanınmış mütəxəssislər də Türkiyə kimi ölkələrə üz tuturlar. Və təsadüfi deyil ki, onların səyi nəticəsində Turkiyədə voleybol daha da inkişaf etməyə başladı. Faiq Qarayev Türkiyə milli komandasını Avropa Elitasına çıxardaraq böyük bir uğura imza atdı. Uzun müddət Turkiyədə çıxış etdikdən sonra Azərbaycanın o zamankı Olimpiya komitəsinin prezidenti, indiki ölkə prezidenti Cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə Faiq Qarayev və voleybolçu qızlarımız Azərbaycan voleyboluna qaytarıldılar. Əlbəttə zamanla bərabər potensial itkisiylə də üzləşməli olduq. Azərbaycan voleybolunun ən gələcək vəd edən oyunçuları Viktoriya Ravva, Nisə Quliyeva, Melis Həmşəri və başqa neçə-neçə oyunçular bir daha Azərbaycana qayıtmadılar. İndi onlar Fransa, Türkiyə kimi komandaların heyətində qazanılan uğurlarda pay sahibi olmuşlar. Amma onlarsız belə uğur özünü çox gözlətmir. Faiq Qarayev veteran voleybolçularımız Şabovta, Həsənova kimi oyunçuların yanına yetişdirdiyi gənc oyunçuları da əlavə edərək uğurların davamını gətirməyə başlayır.