“Azərreyl” 21 xalla liderliyini möhkəmlədib

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha iki oyun keçirilib. Dərnəgül Voleybol Mərkəzində öncə “Abşeron” və “Mübariz” üz-üzə gəliblər.

Matç Eldar Yusubovun komandasının qələbəsi ilə yekunlaşıb. İlk hissədə 25:21 hesabı ilə qalib gələn “Abşeron” ikinci setdə 25:19 hesabına yazıb. Üçüncü set daha gərgin alınıb. Bu dəfə rəqibini 27:25 hesabı ilə məğlub edən “Abşeron” 3:0 hesabı ilə qələbə qazanıb.

Ardınca “Azərreyl” UNEC-i sınağa çəkib. “Dəmiryolçular” ilk hissədə 25:10, ikinci setdə 25:16 hesabı ilə qalib gəliblər. Üçüncü hissədə isə rəqibinə 8 xal verən (25:8) “Azərreyl” 3:0 hesabı ilə qələbə qazanıb.

Beləliklə, 7 oyunun hamısında qalib gələn “Azərreyl” 21 xalla liderliyini möhkəmlədib. Onlardan 3 xal geri qalan “Abşeron” ikinci pillədədir. Turnir cədvəlində üçüncü olan “Mübariz” 6 qarşılaşmadan 9 xal yığıbsa, UNEC 1 xalla sonuncudur. Bu komanda 8 görüş keçirib.