Hacıqabulda təşkil olunan düşərgə  başa çatıb
                                  Azərbaycan Voleybol Federasiyası
Hacıqabulda təşkil olunan düşərgə başa çatıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) ilk dəfə paytaxtdan kənarda təşkil etdiyi “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi"nə bu gün yekun vurulub.
Hacıqabulda baş tutan düşərgəyə yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatma rəhbərlik edib. 
Sentyabrın 12-də start götürən düşərgədə Hacıqabuldan və Şirvandan seçilmiş 20 nəfər (2007, 2008, 2009 və 2010-cu il təvəllüdlü) voleybolçu qız iştirak edib.  
Şirvan Olimpiya İdman Kompleksində təşkil olunan və dörd gün davam edən düşərgədə hər yaş qrupu üçün  məşqlər təşkil olunub. Burada uşaqlara voleybolun incəlikləri öyrədilib və onların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçirilib. 
Qeyd edək ki, düşərgədə Şahin Çatmaya Sumqayıt, Qax, Şirvan, Tovuz, Saatlı, Gəncə şəhərlərinin məşqçiləri də kömək ediblər.
Qeyd edək ki, ilk düşərgə 14-18 avqust tarixlərində Bakıda təşkil olunmuşdu. Uşaq voleybolunun inkişafı istiqamətində tədbirlər çərçivəsində baş tutan belə seleksiya məşqləri və düşərgələr mütəmadi keçiriləcək. Bu seçimlərin və düşərgələrin təşkilində əsas məqsəd gənclərdən ibarət milli komandaların formalaşdırılması və onların beynəlxalq yarışlarda iştirakını təmin etməkdir.
AVF bu düşərgənin təşkilində göstərdiyi dəstəyə görə Hacıqabul Regional Voleybol Klubunun və Şirvan Olimpiya Kompleksinin rəhbərliklərinə təşəkkürünü bildirir.