CEV-in rəsmi olaraq yaradılmasının 50 illi qeyd olunub
                                  Azərbaycan Voleybol Federasiyası
CEV-in rəsmi olaraq yaradılmasının 50 illi qeyd olunub

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa Voleybol Konfederasiyasının (CEV) yaradılmasının 50-ci ili münasibətilə Romada təşkil olunan qala gecədə iştirak ediblər. Federasiyanın prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev və AVF prezidentinin müşaviri, CEV İdarə heyətinin üzvü Cəlil Cəfərov CEV rəhbərliyinin dəvəti ilə tədbirə qatılıblar.
Tədbirdə çıxış edən CEV prezidenti Aleksandr Boriçiç yubileylə bağlı fikirlərini bölüşüb: "Mən burada, sizinlə birlikdə CEV-in rəsmi olaraq yaradılmasının 50 illiyini qeyd etməkdən inanılmaz dərəcədə qürur duyuram. Mən özümü 56 milli federasiyamıza rəhbərlik edən məşqçi kimi hiss edirəm. Biz keçmişimizə böyük qürurla baxırıq. Bununla belə, biz gənc nəsillərə daha yaxşı imkanlar yaratmaqdan ötrü artıq indidən növbəti 50 il üçün çalışmağa başlayacağıq”.
Tədbirin fəxri qonaqlarından olan FIVB prezidenti Ari Qraça CEV prezidentini və milli federasiyaların rəhbərlərini qızıl yubiley münasibətilə təbrik edib. O, Avropa voleybolunun cənab Boriçiçin rəhbərliyi ilə yaşadığı möhtəşəm inkişafı xüsusi qeyd edib . A.Qraça Avropa voleybolunda bundan sonra daha da böyük işlər görüləcəyinə inamını ifadə edib.
Sentyabrın 16-da isə federasiya rəhbərləri və qonaqlar İtaliyada kişi voleybolçular arasında keçirilən Avropa çempionatının üçüncü yer uğrunda və final qarşılaşmalarını izləyiblər.
Qeyd edək ki, kişi voleybolçular arasında  keçirilən AVRO-2023-ün qalibi Polşa millisi olub. Çempionatın gümüş medallarını İtaliya yığması, bürünc medalları isə Sloveniya komandası qazanıb.