Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov I dünya korporativ oyunlarında voleybol üzrə çempion olmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) komandasının üzvləri ilə görüşüb.
GİN-nin Voleybol Mərkəzində baş tutan görüşdə, həmçinin AVF-nin vitse-prezidentləri Faiq Qarayev, Bəhruz Quliyev, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov, FHN-nin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev, komandanın oyunçuları, məşqçilər heyəti və digər qonaqlar iştirak ediblər.
Ş.Bağırov ilk olaraq hər kəsi salamlayıb, FHN-nin komandasının bütün oyunçularını və rəhbərliyini çempionluq münasibətilə təbrik edib. O, Rusiyanın paytaxtı Moskva şəhərində təşkil olunmuş I dünya korporativ oyunlarında ümumilikdə 24 komandanın iştirak etdiyi bildirilib. Ölkəmizi təmsil edən FHN-nin komandasının güclü rəqiblərə qarşı gözəl mübarizə apararaq qazandıqları qələbini yüksək qiymətləndirib. Ş.Bağırov FHN-nin rəhbərliyinə və komandanın oyunçularına bu nailiyyətə görə təşəkkürünü bildirib, onlara uğurlar arzulayıb.
Görüşdə çıxış edən digər qonaqlar da qələbə münasibətilə hər kəsi təbrik edib, komandaya növbəti yarışlarda uğurlar arzulayıblar.
Daha sonra Ş.Bağırova, F.Qarayevə və B.Quliyevə çempion komandanın simvolik forması təqdim edilib, xatirə şəkli çəkdirilib.
Tədbirdən sonra isə qurum rəsmiləri və idmançılar Cahangir Seyed Abbasinin rəhbərlik etdiyi yeniyetmə və gənc voleybolçularla görüşüb, onların məşq prosesini izləyiblər.