Xəbər verdiyimiz kimi Naxçıvan şəhərində Azərbaycan və Türkiyə komandalarının iştirakı ilə yeniyetmə qızlar arasında muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş “Muxtariyyət kuboku” uğrunda birincilik keçirilir. Sentyabrın 4-dən etibarən İlham Əliyev adına Olimpiya İdman Kompleksində qrup oyunlarına start verilib.
Bu gün keçirilən pley-off görüşlərindən sonra finalçılar bəlli olub. Belə ki, turnirin həlledici qarşılaşmasında “Naxçıvan” və “Əskişəhər” komandaları meydana çıxacaq.
Meydan sahibi komanda bu uğura “Şərqi Zəngəzur” üzərində əldə etdiyi 3:0-lıq qələbə ilə nail olub - 25:10, 27:25, 25:9. “Əskişəhər” isə U16 Azərbaycan millisindən üstün olub - 25:16, 25:10, 25:14. Qaliblər əsas mükafat uğrunda mübarizəni davam etdirərkən, digər iki komanda üçünçü yer uğrunda bir-birinə rəqib olublar. Sabah saat 10:00-da üçüncülük matçı, 15:00-da isə final görüşünün keçirilməsi nəzərdə tutulub. Final oyunundan öncə - saat 14:00-da konsert proqramı olacaq.
Xatırladaq ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan yarışa ümumilikdə 8 komanda qatılıb.