Azərbaycan Voleybol Federasiyası (AVF) Sumqayıt şəhərində məşqçi-müəllimlər üçün “1-ci dərəcə” məşqçi kursu təşkil edəcək.
21-26 sentyabr tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq kursda Sumqayıt RVK-nın tərkibinə daxil olan şəhər, rayonların və Şərqi Zəngəzur RVK-nın məşqçi-müəllimləri iştirak edəcəklər.
Nəzəri və praktik hissələrdən ibarət olacaq dərsləri AVF-nin Təhsil şurasının rəhbəri Cengiz Akarçeşme keçəcək. Sonda iştirakçılar imtahan verəcəklər və uğurla keçəcək mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.
Qeyd edək ki, ilk kurs 9-12 avqust tarixlərində Qəbələ şəhərində keçirilib. AVF Bakıda və digər bölgələrdə birinci dərəcə ilə yanaşı, ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak hüququ qazanacaqlar.