Beynəlxalq Voleybol Federasiyasının (FIVB) 39-cu Dünya Konqresi keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Beynəlxalq Voleybol Federasiyasının (FIVB) 39-cu Dünya Konqresi keçirilib

Portuqaliyanın Porto şəhərində Beynəlxalq Voleybol Federasiyasının (FIVB) 39-cu Dünya Konqresi keçirilib. 15-17 noyabr 2024-cü il tarixlərində baş tutan konqresdə 200 ölkənin yerli federasiyalarının nümayəndələri iştirak edib. Yığıncaqda ölkəmizi Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov təmsil edib.

Konqresin ilk günü FIVB-nin sabiq prezidenti Ary Graça tədbirin rəsmi açılışını edib və qonaqları salamlayıb. A.Graça qeyd edib ki, FIVB-nin 200-ə yaxın yerli federasiyasının nümayəndələri dünya voleybol ailəsi olaraq idmanın gələcəyini formalaşdırmaq üçün buraya toplaşıblar.

Konqresdə voleybol dünyasında son 12 il ərzində görülən işlər müzakirə edilib, növbəti 8 il üçün FIVB-nin yeni prezidenti və İdarə Heyətinin üzvləri seçilib. Tədbirdə FIVB-nin yeni prezidenti Fabio Azevedo təyin edilib. Həmçinin FIVB şuraları və komissiyalarının hesabatları, voleybolun inkişafı istiqamətində görülən mühüm işlər haqqında məlumatlar təqdim edilib.

Konqresin sonuncu günündə dünya voleybol ailəsinin üzvlərinə və təşkilatlara çoxsaylı mükafatlar təqdim olunub. FIVB-də səlahiyyət müddəti başa çatan A.Graça qurumun fəxri prezidenti adına layiq görülüb.