Kişi voleybolçuların Yüksək Liqasına yekun vurulub
                                  Azərbaycan Voleybol Federasiyası
Kişi voleybolçuların Yüksək Liqasına yekun vurulub

Kişi voleybolçuların Yüksək Liqasına yekun vurulub.

Bu gün Milli Gimnastika Arenasında keçirilən finalda “AZERRAIL” klubu “Murov Az Terminal”ı 3:1 hesabı ilə (İlk oyun 3:0) məğlub edərək çempion adını qazanıb.

Final qarşılaşmasından sonra Yüksək Liqanın mükafatlandırma mərasimi keçirilib. Çıxış edən Avropa Voleybol Konfederasiyasının prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov mükafatçıları təbrik edib və onlara uğurlar arzulayıblar.

Daha sonra AVF-nin vitse-prezidenti Bəhruz Quliyev çempionatda fərqlənən voleybolçulara “Ən yaxşı oyunçu” və mükafatları təqdim edib. Ardından qaliblərə kubok və medallar verilib. Çempiona kuboku Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, qalib komandalara medalları CEV rəhbəri Roko Sikiriç, AVF-nin prezidenti Şahin Bağırov və AVF-nin vitse-prezidenti Faiq Qarayev təqdim ediblər.

Beləliklə, kişi voleybolçuların Yüksək Liqasının qalibi “AZERRAIL”ə qızıl medal və kubok, “Murov Az Terminal”a gümüş, “Xilasedici”yə isə bürünc medallar təqdim olunub.

Sonda qaliblərlə xatirə şəkilləri çəkdirilib və Yüksək Liqada 2024/2025 illər mövsümü bağlı elan edilib.