Hakimlər

Hakimlər
imgalt="img">

Azərbaycan Respublikasında Voleybol idman növünün inkişafı tarixi əlamətdar faktlarla zəngindir. Beləki, məşqçilərin, yüksək səviyyəli idmançıların hazırlanması ilə paralel olaraq, təcrübəli beynəlxalq səviyyədə qəbul olunan milli voleybol hakimlərinin də hazırlanması sahəsində keçən illər ərzində böyük işlər görülmüş və bu gündə bu işlər uğurla davam etdirilməkdədir.

    Keçmiş SSRİ-də voleybol idman növü 1950-1970-ci illərdə ən çox sevilən və geniş inkişaf etmiş idman növlərindən biri sayılırdı. SSRİ-nin yığma komandaları həmən dövrlərdə bütün beynəlxalq yarışlarda o cümlədən Olimpiya Oyunlarında, Dünya və Avropa Çempionatlarında ən yüksək nəticələr göstərirdilər. Sevindirici haldır ki, keçmiş SSRİ-nin həmən yığma komandalarının heyətlərində istər qadınlar, istərsə də kişilər arasında doğma Azərbaycanımızı təmsil edən dünya səviyyəli məşhur idmançılarımız da çıxış edirdilər.

    Həmən illərdə yuxarıda qeyd edildiyi kimi eyni zamanda ölkəmizdə bacarıqlı savadlı voleybol hakimləridə hazırlanırdılar. Onlarda voleybol üzrə SSRİ çempionatlarında, beynəlxalq və ümumittifaq yarışlarında hakim kimi iştirak edərək ən yüksək qiymətlərə layiq görülürdülər. Voleybol idman növünün ölkəmizdə bu səviyyədə inkişafının nəticəsi olaraq keçmiş SSRİ-də voleybol idmanı aləmində “Bakı Voleybol məktəbi” özünə məxsus xüsusi mövqeyə malik olmuşdur.

    Azərbaycan Respublikasında voleybol hakimləri məkəbinin əsası 1950-1960-cı illərdə o vaxtların tanınmış voleybol mütəxəssislərindən biri olan İvan Qriqoryeviç Diyackov və Şamil Rzayev tərəfindən qoyulmuşdur.
    Bu məktəbin yetirmələri sonralar hamısı ümumittifaq dərəcəli hakim adına layiq görülmüş aşağıdakı şəxslər olmuşdur:
    Şamil Rzayev Mirzəyev Həmidulla
    Əliyev Məmməd
    Mehdiyev Ramiz
    Quliyev Fazil
    Səmədov Ramiz
    Yüsifov Rəmzi
    İsmayılov İsmayıl
    Ağayev Xaliq
    Qusov Anzor
    Əliyev Vaqif
    Rəsulov Rafiq
    Zelepuxina Raisa
    Səmədov Ravil
    İsmayılova Nona
    Musayev Oktay
    Ağayev Rafiq
    Adları çəkilən hakimlərimiz həmən illərdə nəinki keçmiş SSRİ məkanında, hətta beynəlxalq voleybol aləmində Azərbaycan voleybol məktəbinin şərəfini daima uca zirvələrə qalxmasında xüsusi fəaliyyət göstərmişdilər.

    İlk beynəlxalq dərəcəli hakim adına layiq görülmüş Ramiz Səmədov ilk azərbaycanlı voleybol hakimi olaraq doğma Azərbaycanımızı Olimpiya oyunlarında, Dünya və Avropa Çempionatlarında beynəlxalq yarışlarda və SSRİ Çempionatının yüksək liqasında bir çox illər ərzində uğurla təmsil etmişdir.

    Ümumittifaq dərəcəli hakim Rəmzi Yüsifov keçmiş SSRİ-nin ən güclü və bacarıqlı hakimlərindən biri sayılıdı. Yüsifov Rəmzi 1968-1975-ci illərdə səkkiz dəfə ardıcıl olaraq SSRİ-nin ilin ən güclü 10 voleybol hakimi sırasında təsdiq olunmuşdur. 1979-cu il SSRİ Xalqları Spartakiadasında voleybol yarışlarının ilk açılış oyununu I hakim kimi idarə etmək məhz Azərbaycanı təmsil edən ümumittifaq dərəcəli gənc hakim Vaqif Əliyevə etibar olunmuşdur. Azərbaycandan II beynəlxalq dərəcəli hakim adına layiq görülmüş Ravil Səmədov və ümumittifaq dərəcəli hakimlərimiz Vaqif Əliyev, Rafiq Rəsulov, Oktay Musayev, Raisa Zelepuxina, Nona İsmayılova, Anzor Qusov və Rafiq Ağayev 1970-1980-cı illər də keçmiş SSRİ birinciliyi yarışlarında daimi olaraq hakimlik etmişlər.

    Bu illər ərzində ölkədə gənc voleybol hakimlərinin hazırlanması sahəsində də daima planlaşdırılmış tədbirlər, o cümlədən hazırlıq kursları, təkmilləşdirmə seminarları və digər bu kimi tədbirlər həyata keçirilmişdir. Məhz bu işlərin nəticəsində ölkəmizdə təkcə paytaxt Bakı şəhərində deyil, eləcə də digər şəhər və rayonlarda çoxlu sayda bacarıqlı gənc voleybol hakimlərinin hazırlanmasına nail olmuşdur. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonrakı illərdə ölkəmizdə voleybol idman növünün inkişafı sahəsində ölkə rəhbərliyinin xüsusən Ulu öndər Heydər Əliyevin və onun davamçısı olan Dövlət başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev cənablarının daimi qayğısı, diqqəti və bilavasitə köməkliyi nəticəsində nəinki ölkə daxilində, eləcə də beynəlxalq idman aləmində daha parlaq nəaliyyətlərə imza atmışdır.

    2002-ci ildən başlayaraq fəaliyyəti bərpa olunmuş və yenilənmiş Azərbaycan Voleybol Federasiyası (AVF) ölkəmizdə voleybol idman növünün kütləvi inkişafı yüksək səviyyəli mütəxəssislərin, İdmançıların və hakimlərin hazırlanması sahəsində yorulmadan çalışır və ildən ilə daha yüksək nəticələrin əldə edilməsinə nail olur. Bu uğurlardan biri də ölkəmizdə fasiləsiz olaraq beynəlxalq səviyyəli hakimlərin hazırlanması üzrə aparılan işlərdir.

    Artıq Azərbaycan Respublikası beynəlxalq voleybol aləmində yeddi nəfərdən ibarət beynəlxalq dərəcəli hakimlərlə təmsil olunur.
    O cümlədən:

    Zülfüqarov Eldar Əliyev Eldar
    Selin Konstantin
    Hacıyev Fuad
    Ağayev Fuad
    Hacıyev Zaur
    Axundov Fikrət

    Bu hakimlərdən daha böyük təcrübəyə malik olan Eldar Zülfüqarov, Eldar Əliyev, Selin Konstantin və Zaur Hacıyev Beynəlxalq voleybol Federasiyası və Avropa Voleybol Konfederasiyası tərəfindən yüksək səviyyədə qiymətləndirilərək ən məsul yarışlarda hakimliyə dəvət olunurlar.

    AVF-nin Hakimlər Kollegiyasının bu illər ərzində fəaliyyəti nəticəsində hazırda ölkəmizdə voleybol üzrə keçirilən müxtəlif səviyyəli yarışlara xidmət edən hakimlərin sayı 70 nəfərə çatdırılmışdır. O cümlədən:
    Respublika dərəcəli hakimlər -22 nəfər
    I dərəcəli hakimlər – 20 nəfər
    Gənc hakimlər – 21 nəfər
    Son illər Azərbaycan Respublikasında keçirilən beynəlxalq səviyyəli yarışlarda o cümlədən I Avropa Oyunlarında, IV İslam Oyunlarında, rəsmi beynəlxalq turnirlərdə xidmət göstərmiş hakimlərimizin işinə daima yüksək qiymətlər verilmişdi.